Türkiyənin xarici işlər naziri Hakan Fidan Hörmüz boğazının bağlanmasının fəsadları barədə xəbərdarlıq edib. O, dünya ölkələrinə beynəlxalq razılaşma imzalamağı təklif edib. Fidanın sözlərinə görə, bu razılaşma ticarət və enerji üçün həyati əhəmiyyət daşıyan keçidlərin müharibələrdə təzyiq alətinə çevrilməsinin qarşısını almalıdır.
Anadolu agentliyinin məlumatına görə, Fidan TRT telekanalına müsahibəsində bildirib ki, Hörmüz boğazı, İstanbul boğazı, Cəbəllütariq, Malakka boğazı və Panama kanalı kimi keçidlər siyasi və hərbi böhranlar zamanı girov götürülməməlidir.
Türkiyənin xarici işlər naziri vurğulayıb ki, ABŞ ilə İslam Respublikası arasında Hörmüzün yenidən açılmasına dair razılaşma qlobal iqtisadi böhranın dərinləşməsinin qarşısını ala bilər.
Fidan həmçinin Vaşinqton ilə Tehran arasında vasitəçilik məqsədilə Qətərin baş naziri ilə məsləhətləşmələrin davam etdiyini bildirib. O, ABŞ-ın İrana yenidən hücum etməsinin regiondakı böhranı kəskinləşdirə biləcəyi barədə xəbərdarlıq edib.
Nazir qeyd edib ki, müharibənin iqtisadi xərcləri və diplomatik dalanın davam etməsi hər gün daha çox ölkə üçün ağır yükə çevrilir.