Türkiyəli türk riyaziyyatçı, Anthropic şirkətinin tədqiqatçısı Levent Alpöge şəxsi veb-saytında dərc etdiyi yazıda «Claude» süni intellekti ilə birgə Riman fərziyyəsini sübut etdiyini iddia edib. Bu problem 1859-cu ildən cavabsız qalır və yeddi «Minilliyin mükafat problemi»ndən biridir. Clay Riyaziyyat İnstitutu onun sübutu üçün 1 milyon dollar mükafat təyin edib.
Alpöge Riman fərziyyəsini «ədədlər nəzəriyyəsinin klassik problemi» kimi təsvir edir. Bu, istənilən ölçüdə sadə ədədlərin sayına dəqiq nəzarətlə bağlı sualdır. Onun yazdığına görə, eyni üsul asanlıqla «ümumiləşdirilmiş Riman fərziyyəsi»ni də həll edir. Alpöge daha çox vaxt keçdikcə «genişləndirilmiş Riman fərziyyəsi»nin də həll olunacağını gözləyir.
Alpöge hələ tələbəlik illərindən səs-küysüz şəkildə bu problem üzərində onilliklər sürəcək iş planlaşdırıbmış. Özünün yazdığına görə, işin istiqamətini o müəyyənləşdirib, lakin finiş xəttinə yaxın Claude ondan xeyli irəli keçib. O, Claude-un həmin mərhələdəki işini belə təsvir edir: «Uçdu, rəqs etdi və parladı».
Bu yolda Claude-un onlarla ideyası onu heyrətləndirib. Alpögenin sözlərinə görə, onlardan biri «riyaziyyatçıları kreslolarından yıxacaq». O, sübutun bəzi ixtisaslaşmış sahələrinə o qədər də bələd olmadığını və həmin hissələrdə Claude-un ekspert olduğunu etiraf edir. Həmçinin arqumentə çoxlu qəribə və səmərəsiz seçimlər daxil etmiş ola biləcəyini qəbul edir.
Bu işin qaralamalarının həcmi 250 min səhifəni ötüb və Claude onu ümumiləşdirilmiş Riman fərziyyəsinin «kitabı» adlandırıb. Alpöge belə oxunmaz bir mətni dərc etmək əvəzinə, sübutun yalnız formallaşdırılmış versiyasını Lean kompüter yoxlama dilində yayımlayıb. Onun sözlərinə görə, bu formallaşdırma heç bir ilkin fərziyyə olmadan tamamlanıb və arqument, ehtimal ki, tezliklə xeyli sadələşəcək.
Claude-un bu yazı üçün hazırladığı xronologiyaya görə, ilk addım 6 oktyabra, yekun sübut isə 2026-cı il 16 noyabra aiddir. Riyaziyyatçı yazır ki, nəticəyə çatdıqdan sonra bazar günü axşam Anthropic-in baş icraçı direktoru Dario Amodeiyə bunu elan etməyin mümkünlüyü barədə mesaj göndərib. O, bu elanın vaxtını «dəhşətli» adlandırır və bunun bədgüman yozuma səbəb ola biləcəyini qəbul edir, lakin belə yozumu yanlış hesab edir.
Alpöge bu problemin həllini özü üçün bir «yol göstərən mayak»ın itirilməsi kimi qiymətləndirir. Bununla belə, o, bu yolda gördüklərini bütün elm sahələrində «daha böyük bir şeyin şəfəqi» kimi təsvir edir. Onun fikrincə, riyaziyyat inqilab dövrünü yaşayır və bu sübut qarşıda gələcək «möcüzələr»ə bir baxışdır.