Cənubi Azərbaycanı AFC Çempionlar Liqası Elitdə təmsil edən Təbrizin "Tiraxtur" klubu Omana yenidən dolayı yolla getməli olacaq. Asiya Futbol Konfederasiyası klubun ev oyunlarının keçirildiyi məkanın dəyişdirilməsi ilə bağlı müraciətini rədd edib. Cavad Nekunamın yetirmələri noyabrın 21-i, şənbə günü Təbrizdən İstanbula, oradan isə Məsqətə uçacaqlar.
Tasnim agentliyinin məlumatına görə, "Tiraxtur" Omana birbaşa uçuşla bağlı problem səbəbindən oyunlarının başqa yerə köçürülməsini istəmişdi. Özbəkistan və Tacikistan ev sahibliyini qəbul etməyib. AFC İraqın Ərbil şəhəri ilə bağlı təklifi də rədd edib, çünki hazırda İraq bu yarışda üç komandaya ev sahibliyi edir.
"Tiraxtur" bundan əvvəl də Qətərin "Əl-Şamal" klubu ilə oyun üçün yorucu səfər etmişdi. Komanda üzvləri oktyabrın 10-da Təbrizdən Nəcəfə uçmuş, avtobusla Bağdada getmiş və oradan Məsqətə çatmışdılar. BƏƏ-nin "Əl-Vasl" klubu ilə beşinci tur oyunu noyabrın 23-ü, bazar ertəsi "Sultan Qabus" stadionunda keçiriləcək.