ABŞ-da bank xidmətlərində, uçuşlarda və internet sistemlərində ardıcıl baş verən nasazlıqlar kiberhücumlar və süni intellektin rolu ilə bağlı fərziyyələrə səbəb olub. Lakin ekspertlər bildirirlər ki, bu hadisələrin səbəbi daha çox texniki problemlər və rəqəmsal infrastrukturun həssaslığı ilə bağlıdır.
"Axios" xəbər saytının məlumatına görə, noyabrın 16-dək olan yeddi gün ərzində ABŞ-da rəqəmsal xidmətlərdəki nasazlıqlarla bağlı təxminən 6 milyon şikayət qeydə alınıb. Bu, son bir ildə ən yüksək həftəlik göstəricidir.
Ekspertlər vurğulayırlar ki, indiyədək bu hadisələrin kiberhücumlar və ya süni intellektə əsaslanan hakerlik əməliyyatları ilə əlaqəsini təsdiqləyən sübut əldə olunmayıb. Son hadisələrin əsas səbəbləri kimi proqram təminatındakı xətalar, köhnəlmiş avadanlıqlar və mürəkkəb sistemlərdə zəncirvari nasazlıqlar göstərilib.
"Axios"un yazdığına görə, proqramlaşdırmada və sistemlərin yenilənməsində süni intellektdən istifadənin sürətlə genişlənməsi dəyişikliklərin sürətini artırıb sınaq üçün vaxtı azaltmaqla gözlənilməz xətaların yaranma ehtimalını da yüksəldə bilər. Bununla belə, onun son nasazlıqlarda birbaşa rolu sübuta yetirilməyib.