Strateji əhəmiyyətli Babül-Məndəb boğazına baxan ərazi Yəmən hökumət qüvvələrinin geri çəkilməsindən sonra İslam Respublikasının dəstəklədiyi husilərin nəzarətinə keçib. Cənub silahlı qüvvələri bazar günü, noyabrın 15-də Taiz vilayətinin qərbindəki Zubab hava limanından və Babül-Məndəb bölgəsindən hökumətin yerləşdiyi Ədən şəhərinə doğru geri çəkildiklərini açıqlayıb.
Bu qüvvələr qərarın səbəbi kimi Ədənin və qonşu vilayətlərin təhlükəsizliyinin təmin edilməsini, eləcə də cəbhə xətlərinin gücləndirilməsini göstəriblər. Onların sözlərinə görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın dəstəyi ilə Taizin mühasirəsini yarmaq üçün əməliyyatlar davam edir. Yəmən silahlı qüvvələrinin sözçüsü də beynəlxalq ictimaiyyəti Babül-Məndəbin azad edilməsinə kömək etməyə çağırıb.
Babül-Məndəb dünyanın ən sıx dəniz ticarət yollarından biridir və Asiya mallarının Süveyş kanalı vasitəsilə Avropaya daşındığı keçiddir. Husilər son həftələrdə Aramco şirkətinin obyektlərini, o cümlədən Qırmızı dənizdəki Yanbu neft ixrac terminalını hədəfə alıblar. İslam Respublikası da eyni vaxtda Hörmüz boğazında gəmi hərəkətini pozub.