İraqın kəşfiyyat orqanı ölkənin baş nazirinin göstərişi ilə Bağdad ətrafında Həşd əş-Şaabinin qərargahlarını və silahlarını araşdırıb müəyyən etməyə başlayıb. Bu addım İslam Respublikasına yaxın silahlı qrupların fəaliyyətinə daha çox məhdudiyyət gətirə bilər.
"Əl-Hürra" telekanalının məlumatına görə, İraqın təhlükəsizlik mənbələri bildiriblər ki, əməliyyatın məqsədi silahlı qrupların iqtisadi fəaliyyət üçün istifadə etdiyi qeyri-rəsmi bazaları və mərkəzləri müəyyən etməkdir.
Bu addım İraq hökumətinin Cürf əs-Səxər bölgəsində neft qaçaqmalçılığına qarşı mübarizəni gücləndirdiyi vaxta təsadüf edir. Həmin bölgə İslam Respublikasına yaxın "Kətaib Hizbullah"ın əsas bazalarından biri sayılır.
İraqın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri də daha əvvəl xəbərdarlıq etmişdi ki, təşkilati bağlılıqlarını kəsməyə və silahlarına nəzarəti dövlətə təhvil verməyə hazır olmayan qrupların Həşd əş-Şaabinin strukturunda yeri olmayacaq.
Bununla belə, İraq hökuməti yeni əməliyyatın təfərrüatlarını hələ rəsmi olaraq açıqlamayıb. Bu tədbirlərin İslam Respublikasının İraqdakı hərbi nüfuzuna nə dərəcədə təsir edəcəyi də hələlik bəlli deyil.