Microsoft məhsulları bir saatdan az müddət ərzində 74 ölkə və regionda əlçatmaz olub, on minlərlə istifadəçi elektron poçtlarını aça bilməyib. Teams, Outlook, süni intellekt köməkçisi Copilot və Microsoft 365 bulud xidməti bağlantı problemləri səbəbindən sıradan çıxıb.
Microsoft nasazlığın səbəbini «infrastrukturuna düşən yükün həddindən artıq artması» kimi açıqlayıb, kiberhücumu və ya sistemlərinin sındırılmasını isə istisna edib. Şirkət problemi aradan qaldırmaq üçün göstərdiyi səylərin gözlənildiyi kimi nəticə vermədiyini və hazırda alternativ həll yollarını araşdırdığını bildirib.
430 milyondan çox insan Microsoft 365 paketinə daxil olan proqramlardan istifadə edir. İki böyük süni intellekt şirkəti olan OpenAI və Anthropic də bu geniş miqyaslı kəsintidən sonra öz xidmətlərində nasazlıq yarandığını xəbər verib.