bazar, 8 noyabr 2026
İran

SEPAH-dan ABŞ və İsrailə yeni təhdid: «Növbəti müharibədə dünyanı heyrətləndirəcəyik»

SEPAH-dan ABŞ və İsrailə yeni təhdid: «Növbəti müharibədə dünyanı heyrətləndirəcəyik»

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhibbi noyabrın 7-də, şənbə günü təhdid edib ki, ABŞ və İsrail İrana qarşı yeni hücumlara başlasa, SEPAH yeni hərbi imkanlarını nümayiş etdirəcək. Onun iddiasına görə, bu imkanlar müharibənin gedişatını dəyişdirə və dünyanı heyrətləndirə bilər.

Möhibbi SEPAH-ın Aerokosmik Qüvvələri həftəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib ki, ABŞ və İsraillə qarşıdurmanın üçüncü dalğası başlasa, «sürprizlər» nümayiş etdiriləcək və döyüş meydanında tətbiq olunacaq. Onun sözlərinə görə, bu sürprizlər bütün dünyanı təəccübləndirəcək.

SEPAH sözçüsü həmçinin təhdid edib ki, ABŞ və İsrail yenidən İrana hücum edərsə, İslam Respublikasının hərbi cavabı əvvəlkindən daha sərt olacaq və onun sözlərinə görə, ABŞ və İsraili illərlə iflic vəziyyətinə sala bilər.

O, SEPAH-ın raket və dron imkanlarına toxunaraq iddia edib ki, İslam Respublikası raket və dron istehsalı obyektlərini yeraltı mərkəzlərə köçürə bilib və hətta genişmiqyaslı hücumlar şəraitində də silah istehsalını davam etdirə bilir.

Möhibbi həmçinin SEPAH raketlərinin uçuş məsafəsinin artdığını iddia edib və vurğulayıb ki, İslam Respublikasının hərbi qüvvələri təhdidlərə cavab verərkən heç bir coğrafi məhdudiyyət tanımayacaq.

Bu açıqlamalar Tehran və Vaşinqton arasında hərbi gərginliyin davam etdiyi və ABŞ ilə İsrailin İslam Respublikasına qarşı genişmiqyaslı hücumlarının bərpa olunması ehtimalının hələ də gündəmdə qaldığı bir vaxtda səslənib.

Bu xəbəri paylaşın