Azərbaycan Respublikası noyabrın 3-də, çərşənbə axşamı 14 İran vətəndaşını «arzuolunmaz şəxs» elan edərək onların ölkə ərazisinə girişini qadağan edib.
APA agentliyinin məlumatına görə, bu şəxslər mediada və sosial şəbəkələrdə Azərbaycan Respublikası əleyhinə yaydıqları materiallar və səsləndirdikləri fikirlərlə dini nifrət və düşmənçiliyi qızışdırıb, dini ekstremizmi təbliğ ediblər.
Açıqlanan siyahıda «İranşəhri» faşist cərəyanının sözdə siyasi analitiki Ehsan Mövəhhədiyan, Təbriz Universitetinin Qafqaz və Anadolu Araşdırmaları Mərkəzinin sabiq rəhbəri Əhməd Fərşbafiyan, «Keyhan» qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari, eləcə də parlament deputatları Əbülfəz Zöhrəvənd, Kamran Qəzənfəri, Əhməd Əlirzabəyi və Abbas Müqtədayi yer alıb. Bu şəxslər türk və Azərbaycan əleyhinə yönəlmiş ifratçı «Paydari» cəbhəsi cərəyanına mənsubdurlar.
Siyahıda həmçinin Ekspertlər Məclisinin üzvü Möhsün Əraki, Məhəmmədcavad Fazil Lənkərani, Əbdülhüseyn Xosropənah və Təbriz cümə imamı ofisinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Qulamrza Kəvaşi də var.