ABŞ Hərbi Dəniz Qüvvələri bir amfibiya hərbi gəmisinin inşası üçün təxminən 269 milyon dollar dəyərində müqaviləni Cənubi Koreyanın gəmiqayırma nəhəngi olan Hanwha şirkətinə verib. Bu addım Vaşinqtonun Hind-Sakit okean regionunda əməliyyat imkanlarını gücləndirmək proqramının bir hissəsi hesab olunur.
The National Interest nəşrinin məlumatına görə, müqavilənin təfərrüatlarına əsasən, yeni gəmi «McClung» sinfinə aid olacaq və Hanwha şirkətinin ABŞ-ın Filadelfiya şəhərindəki gəmiqayırma zavodunda inşa ediləcək. İlkin müqavilə bir gəmini əhatə edir, daha üç gəminin sifariş edilməsi imkanı da var.
Gəminin inşasına 2027-ci ilin sonlarında başlanılacaq, onun təhvil verilməsi isə 2030-cu ilə planlaşdırılıb.
Bu gəmilər dəniz piyadalarının, hərbi texnikanın və raket sistemlərinin adalar arasında daşınması üçün nəzərdə tutulub. ABŞ ilə Çin arasında Sakit okeanda mümkün qarşıdurma baş verəcəyi təqdirdə bu imkan strateji əhəmiyyət kəsb edəcək.
ABŞ Hərbi Dəniz Qüvvələri ümumilikdə bu sinifdən təxminən 35 gəmi inşa etməyi hədəfləyib.