İsrailin i24News telekanalının və "Yediot Ahronot" qəzetinin hərbi şərhçisi Yossi Yehoşua oktyabrın 30-da, cümə günü xəbər verib ki, İrana yenidən hücum ehtimalı artdığı üçün İsrail maksimum hazırlıq vəziyyətinə keçib. Onun sözlərinə görə, ölkə ordusu mümkün əməliyyat üçün lazımi hazırlıqları başa çatdırıb.
Hərbi şərhçinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp İrana qarşı qısamüddətli hərbi kampaniya aparılmasını istəyir. Lakin İsrailin təhlükəsizlik dairələrinin qiymətləndirməsinə görə, mümkün münaqişə uzunmüddətli müharibəyə çevrilə bilər.
Yehoşua həmçinin bildirib ki, İsrailin təhlükəsizlik qurumları İranla birbaşa münaqişə başlayacağı təqdirdə, demək olar ki, mütləq şəkildə Livan Hizbullahının qoşulacağı ikinci cəbhənin açılacağını ehtimal edir.
Bu qiymətləndirməyə əsasən, İsrail eyni zamanda şimal cəbhəsindən gələ biləcək dron hücumlarına, kiçik uçan aparatlara, eləcə də raket və reaktiv mərmi atəşlərinə qarşı mübarizəyə hazır olmalıdır.
Bu məlumat "Associated Press" agentliyinin oktyabrın 29-da, cümə axşamı yaydığı xəbərdən sonra gəlib. Agentlik iki diplomata istinadən bildirib ki, ABŞ Yaxın Şərqin bir neçə ölkəsini noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi zərbələrin bərpa oluna biləcəyi barədə xəbərdar edib.
Bununla belə, "Associated Press"in mənbələrinin sözlərinə görə, Tramp yeni hücumlara başlamaqla bağlı hələ son qərarını verməyib.