Çindən İrana hər 40 futluq konteynerin daşınma haqqı 2 min 700 dollardan 13 min 600 dollara yüksəlib. Bu rəqəmi Tehran Ticarət Palatasının Nəqliyyat Komissiyasının sədri Peyman Sənəndəci açıqlayıb. Onun sözlərinə görə, bu kəskin artım birbaşa ərzaq məhsullarının və əsas malların qiymətinə təsir edir.
Bazarqan, Sero və Razi sərhəd keçidlərində 4 mindən çox yük maşını Türkiyəyə keçmək üçün növbə gözləyir, Pakistana ixrac isə tamamilə dayanıb. Beynəlxalq Nəqliyyat Şirkətləri Assosiasiyasının sədri Ehsan Məlikzadə Mircavə sərhəd keçidində təxminən 3 min 600 yük maşınının ilişib qaldığını bildirib. O əlavə edib ki, sərhədlərdə gözləmə müddəti 10-15 günə çatıb, bəzi konteynerlər isə 7-8 ay gözləməli olub.
İran əvvəllər xarici ticarətinin 70-80 faizini dəniz yolu ilə həyata keçirirdi, lakin ABŞ-ın dəniz blokadası bu ticarəti quru yollarına yönəldib. ABŞ-ın maliyyə naziri Skott Bessent İran iqtisadiyyatının bir il ərzində 25 faizədək kiçiləcəyini proqnozlaşdırıb.