ArazNews
Ana Səhifə / Bölgə / Zəngəzur dəhlizinin açılmasında yeni addım: Ermənistan parlamenti Naxçıvana gedən «Tramp marşrutu» sazişini təsdiqləyib
Bölgə

Zəngəzur dəhlizinin açılmasında yeni addım: Ermənistan parlamenti Naxçıvana gedən «Tramp marşrutu» sazişini təsdiqləyib

Zəngəzur dəhlizinin açılmasında yeni addım: Ermənistan parlamenti Naxçıvana gedən «Tramp marşrutu» sazişini təsdiqləyib

«Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu» (TRIPP) sazişi İrəvan parlamentində təsdiqlənib. Bu marşrut Azərbaycan Respublikasını Ermənistan ərazisindən keçərək Naxçıvanla birləşdirəcək. Ermənistan deputatları ABŞ ilə imzalanan bu çərçivə sazişini çərşənbə günü, 28 oktyabrda 63 lehinə, 32 əleyhinə səslə təsdiqləyiblər.

Sazişə əsasən, «TRIPP İnkişaf Şirkəti»nin səhmlərinin 74 faizi 49 il müddətinə ABŞ-a, 26 faizi isə Ermənistana məxsus olacaq. Tərəflər müddətin daha 50 il uzadılması barədə razılığa gəlsələr, İrəvanın payı 49 faizə çatacaq. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, layihənin bütün infrastrukturu Ermənistanın suverenliyi altında qalacaq.

Hakim «Mülki Müqavilə» fraksiyası sənədin lehinə səs verib. Müxalifətdəki «Ermənistan» fraksiyası isə sənəddə Bakının maraqlarının İrəvanın maraqlarından daha çox əks olunduğunu iddia edib. Marşrutla bağlı ilkin razılaşma 2025-ci ilin avqustunda Ağ Evdə keçirilən görüşdə əldə olunmuşdu.