İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də, çərşənbə günü Səmərqənddə Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanla görüşüb.
Görüş «Boqi Şəhər» mədəni-tarixi kompleksinə səfər zamanı baş tutub, tərəflər səmimi şəraitdə söhbət ediblər.
Tədbirdə Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva və Tacikistanın baş nazirinin müavini Dilrabo Mansuri də iştirak ediblər.
Görüş «Uşaqların rifahına sərmayə» qlobal sammiti çərçivəsində keçirilib.
İkigünlük sammitdə 100-dən çox ölkənin, eləcə də UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankı kimi qurumların nümayəndələri iştirak edir. Uşaqların sağlamlığı və təhsili, sosial müdafiə, həmçinin uşaq xərçəngi ilə mübarizə sammitin əsas mövzularıdır.