ABŞ prezidenti Donald Tramp Kanzasda keçirilən seçki mitinqində xəbərdarlıq edib ki, demokratlar qalib gələcəyi təqdirdə ABŞ-da da Fransada son vaxtlar baş verən etiraz və iğtişaşlara bənzər qarışıqlıqlar yaşana bilər. O, bu iddiasını təsdiqləyən heç bir sübut təqdim etməyib.
Reuters-in məlumatına görə, Tramp Kanzasdan olan respublikaçı senator Rocer Marşalı dəstəkləyərkən deyib: «Fransadakı yanğınları və iğtişaşları görəndə yadda saxlayın ki, radikal demokratlar eyni şeyin Amerikanın da başına gəlməsini istəyirlər».
Bu açıqlamalar ABŞ-da aralıq seçkilər ərəfəsində, yanacaq qiymətlərinin artmasının yaratdığı təzyiq və İran müharibəsindən narazılıq fonunda səsləndirilib. Reuters/Ipsos-un ən son sorğusuna görə, Trampın fəaliyyətindən razı olanların payı 31 faizdir. Bu, onun prezidentliyi dövründə ən aşağı göstəricidir.