İran İslam Respublikası Dövlət Teleradio Şirkətinin (Seda və Sima) Xəbər kanalının hava proqnozu bölməsində İranın şimalındakı su hövzəsinin xəritəsində «Xəzər dənizi» əvəzinə «Kaspin dənizi» adı yazılıb. Bu addım tarixi və coğrafi adların, xüsusilə İrandakı türklərin milli və tarixi irsi ilə bağlı adların dəyişdirilməsi və təhrif edilməsi məsələsini yenidən gündəmə gətirib.
«Kaspin» adı bugünkü formasında bu dənizin ingilis dili də daxil olmaqla Avropa dillərində yayılmış adından götürülüb, onun kökü isə qədim kaspi tayfasının adına gedib çıxır. Bu adlar Avropa dillərinə məxsus tələffüzə və tarixi adlandırma formasına malikdir, regionda, hətta ölkənin farsdilli əhalisi arasında belə bu ad işlədilmir.
Bu adın tarixi keçmişi olsa da, «Kaspin» adı indiki formasında İran xalqının bu dəniz üçün işlətdiyi yayğın ad olmayıb. Bunun əksinə, «Xəzər» adı orta əsrlərdə bu dənizin ətraf bölgələrində hökmranlıq etmiş türk xəzər tayfasının adından götürülüb. Bu ad əsrlər boyu regionun tarixi və coğrafi mənbələrində, o cümlədən ərəb mənbələrində işlədilib, müasir fars dilində də tanınmış və geniş yayılmış addır.
Tənqidçilər bildirirlər ki, İran televiziyasının İranda fars mənşəli olmayan və işlənməyən «Kaspin» adından istifadə etməsi ona görə diqqətəlayiqdir ki, «İranşəhri» adlanan cərəyan son illərdə türk mənşəli «Xəzər» adının dəyişdirilməsinin və onun Kaspin kimi yerli olmayan, Avropa mənşəli bir adla əvəzlənməsinin zəruriliyini vurğulayıb. Onların fikrincə, kökləri Pəhləvi dövrünün mədəni və dil assimilyasiyası siyasətinə gedib çıxan bu cərəyan həmişə İranın coğrafiyasından türk adlarını silməyə çalışıb və kəndlərin, şəhərlərin adlarından tutmuş dağlara və çaylara qədər tarixi türk adlarını fars adları ilə əvəz etmək üçün addımlar atıb.
Bu yanaşmanın tənqidçiləri hesab edirlər ki, türklərin dil və tarixi irsinə qarşı çıxmaq fars mərkəzli millətçilikdəki türk düşməni cərəyanların xüsusiyyətlərindən birinə çevrilib və «Xəzər» adını kənara qoymaq cəhdi də məhz bu çərçivədə qiymətləndirilə bilər. Bu baxımdan, türk mənşəli tarixi adın Qərb dillərində yayılmış bir adla əvəzlənməsi tarixi və coğrafi adların orijinallığını qorumaq iddiası ilə açıq ziddiyyət təşkil edir.