ABŞ prezidenti Donald Tramp İsrail xalqına ünvanladığı məktubda qarşıdan gələn seçkilərdə Benyamin Netanyahunu tam dəstəklədiyini bəyan edib. O, Netanyahunu «döyüşkən baş nazir» və İslam Respublikasına qarşı mübarizədə böyük tərəfdaş kimi səciyyələndirib.
Tramp məktubda İslam Respublikasında bir neçə onillikdir səsləndirilən «İsrailə ölüm, Amerikaya ölüm» şüarına toxunub. Onun yazdığına görə, Tehranın hərbi və maliyyə imkanları sistemli şəkildə darmadağın edilib. Tramp xəbərdarlıq edib ki, İslam Respublikası davranışını sürətlə dəyişməsə, ABŞ tezliklə işi bitirəcək.
ABŞ prezidenti yazıb ki, İsraildə Netanyahudan başqa kimsə hakimiyyətə gələrsə, Vaşinqton bu işi özü görməli olacaq, buna isə həvəsi yoxdur. O, Netanyahunu hətta daxili müxaliflərin təzyiqi altında belə geri çəkilməyən güclü və cəsur lider adlandırıb. Tramp məktubu bu cümlə ilə bitirib: «Netanyahu sizi heç vaxt məyus etməyəcək».