Yəzdin müvəqqəti cümə imamı Seyid Nasir Məhəmmədi oktyabrın 16-da, cümə günü şəhərdə cümə namazının xütbələrində İslam Respublikasının ABŞ ilə müharibəsini "davamlı təhlükəsizlik" adlandırdığı hədəfə çatanadək davam etdirməyə çağırıb. O vurğulayıb: "Ölkəmizin düşmənlə müharibəsi o vaxtadək davam etməlidir ki, düşməni çəkindirsin və ölkəmiz üçün davamlı təhlükəsizlik yaratsın."
Məhəmmədi ABŞ öz məqsəd və mövqelərindən geri çəkilməyənədək Vaşinqtonla danışıqları mənasız sayıb. O iddia edib ki, ABŞ sülh təklifi irəli sürdüyü vaxtda yeni hücumlara başlamaq üçün hərbi texnikanın yerini dəyişir, belə təklifi qəbul etməyi isə ağılsızlıq adlandırıb.
Yəzdin müvəqqəti cümə imamı çıxışının digər hissəsində müharibəni davam etdirməyin vacib olduğunu vurğulamaqla yanaşı, məcburi hicab qanunlarının icra olunmasını, bu məhdudiyyətlərə qarşı çıxan qadınların isə məhkəmə qaydasında cəzalandırılmasını tələb edib. O, məhkəmə rəsmilərinin hicabsızlığın cinayət olması barədə son açıqlamalarını xatırladaraq, məhkəmə hakimiyyətinin rəhbərini və ölkənin prokurorlarını bu göstərişləri icra etmək üçün addım atmağa çağırıb.