Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Türk Dövlətləri Təşkilatı və Türkiyənin bu təşkilata növbəti sədrliyi ilə bağlı yaydığı bəyanatda türk dünyası arasında əməkdaşlığın gücləndirilməsinin və Ankara ilə Bakı arasındakı qardaşlıq münasibətlərinin qorunmasının vacibliyini vurğulayıb.
Baxçalı «Egeydən Xəzərə, keçmişdən gələcəyə Türkiyə və Azərbaycan ortaq könül coğrafiyasında iki güclü dövlətdir» deyərək, iki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağlarının siyasi proseslərin fövqündə dayandığını, iki xalqın ortaq yaddaşında və bir-birinə bağlılığında kök saldığını vurğulayıb.
O, üzv dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və daxili qanunvericiliyinə hörmətin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın əsası olduğunu bildirib və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə xələl gətirən cəhdlərə qarşı mübarizə aparılmasına çağırıb.
Milliyyətçi Hərəkat Partiyasının sədri oktyabrın son həftəsində Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının dövlət başçılarının zirvə görüşünü və növbəti sədrliyin Azərbaycandan Türkiyəyə keçməsini tarixi fürsət kimi dəyərləndirib. O, həmçinin Rəcəb Tayyib Ərdoğan ilə İlham Əliyevin bu zirvə görüşü çərçivəsində görüşünün iki ölkənin qardaşlığı qorumaq yolundakı qətiyyətli iradəsini bir daha nümayiş etdirəcəyinə əminliyini ifadə edib.
Baxçalı dövlət qurumlarını, universitetləri və vətəndaş cəmiyyəti təşkilatlarını «2040 Baxış Sənədi» çərçivəsində praktik və davamlı layihələr hazırlamağa çağırıb. O, İsmayıl Qaspıralının «dildə, fikirdə, işdə birlik» ideyasını xatırladaraq təhsil, mədəniyyət, iqtisadiyyat, elm və texnologiya sahələrində əməkdaşlığın gücləndirilməsinin zəruri olduğunu bildirib.