ABŞ Dövlət Departamenti açıqlayıb ki, İslam Respublikası artıq Livan Hizbullahını maliyyələşdirmək iqtidarında deyil və bu qruplaşma öz resurslarını təmin etmək üçün əvvəlkindən daha çox qanunsuz fəaliyyətə, o cümlədən narkotik qaçaqmalçılığına və çirkli pulların yuyulmasına arxalanır.
ABŞ Maliyyə Nazirliyinin 2026-cı il üzrə qiymətləndirməsində də bildirilir ki, Hizbullah maliyyələşmək üçün neft və mal qaçaqmalçılığı şəbəkələrindən, çirkli pulların yuyulmasından, narkotik qaçaqmalçılığından, saxtakarlıqdan və qanunsuz silah ticarətindən istifadə edir.
Bununla belə, Tehranın yardımının tamamilə kəsilməsi ilə bağlı fikir ayrılığı var. "Reuters" agentliyi ötən həftə iki məlumatlı mənbəyə istinadən xəbər verib ki, İslam Respublikası Hizbullaha yardım üçün təxminən 200 milyon dollar köçürüb. ABŞ Dövlət Departamenti isə bu xəbəri təkzib edərək belə pulun «mövcud olmadığını» bildirib. Hizbullah da yeni maliyyə mənbəyini açıqlamayıb.