ArazNews
Ana Səhifə / Bölgə / Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi: Türkiyə-Azərbaycan münasibətlərini korlamaq cəhdləri nəticə verməyəcək
Bölgə

Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi: Türkiyə-Azərbaycan münasibətlərini korlamaq cəhdləri nəticə verməyəcək

Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi: Türkiyə-Azərbaycan münasibətlərini korlamaq cəhdləri nəticə verməyəcək

Türkiyə Prezidentliyinin Kommunikasiya İdarəsinin nəzdindəki Dezinformasiya ilə Mübarizə Mərkəzi Ankara ilə Bakı arasındakı münasibətlərə qarşı yayılan materiallarla bağlı xəbərdarlıq edib. Mərkəz iki ölkənin ortaq tarix, mədəniyyət və möhkəm qardaşlığa əsaslanan əməkdaşlığının bütün sahələrdə qətiyyətlə davam etdiyini vurğulayıb.

Mərkəz bildirib ki, bəzi beynəlxalq media qurumları və sosial şəbəkə hesabları qərəzli məzmun yayıb. Bu məzmun iki ölkə arasındakı bağları, strateji müttəfiqliyi və «Bir millət, iki dövlət» anlayışını hədəf alır.

Bəyanatda bu materiallar Türkiyə ilə Azərbaycan arasındakı köklü münasibətlərə zərər vurmaq, regional sülh və sabitliyi zəiflətmək cəhdi kimi qiymətləndirilib. Sənəddə həmçinin qeyd olunub ki, iki ölkənin əməkdaşlığı barədə manipulyasiya edilmiş məlumatlarla ictimai rəyi çaşdırmaq cəhdləri nəticə verməyəcək.

Mərkəz həmçinin vətəndaşları psixoloji müharibənin bir hissəsi hesab etdiyi məzmuna əhəmiyyət verməməyə və aidiyyəti qurumların rəsmi açıqlamalarını əsas götürməyə çağırıb.