İranla yeni toqquşma ehtimalı ilə bağlı narahatlıqların artdığı bir vaxtda ABŞ ordusu Yaxın Şərqdə hərbi mövcudluğunu xeyli gücləndirib və regionun ərəb ölkələrində daha çox hava hücumundan müdafiə sistemi yerləşdirib.
İsrailin "Kanal 12" telekanalının məlumatına görə, ABŞ son həftələr ərzində Səudiyyə Ərəbistanı və Qətərə iki əlavə "Patriot" sistemi göndərib. Sistemlərdən biri Səudiyyə Ərəbistanının neft obyektlərini, digəri isə Qətərdəki qaz mərkəzlərindən birini qorumaq üçündür.
Eyni zamanda regiona hərbi gəmilər, qırıcı təyyarələr və minlərlə əlavə amerikalı hərbçi göndərilir. Məlumatlara görə, "Theodore Roosevelt" aviadaşıyıcısı və onun zərbə qrupu da Yaxın Şərqə yola düşüb.
Bu hərəkətlilik Tehran ilə Vaşinqton arasındakı danışıqların hələ də dalana dirəndiyi bir vaxtda baş verir. Amerikalı rəsmilər isə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara qayıdış ehtimalını istisna etməyiblər.