Məclisin Səhiyyə Komissiyasının sözçüsü bildirib ki, müalicənin bahalaşması, dərman çatışmazlığı və sığorta böhranı vətəndaşların həyatını təhdid edən həddə çatıb. Onun sözlərinə görə, problemlərin bir qismi müharibə və sanksiyalardan deyil, yanlış qərarlardan və daxili korrupsiyadan qaynaqlanır.
İLNA-nın məlumatına görə, Səlman İshaqi deyib: «Dərman olmadığı və müalicə baha olduğu üçün insanların ölməsinə göz yummuşuq». O əlavə edib: «Elə bir yerə gəlib çatmışıq ki, insanların xəstələnməməsini arzulayırıq. Çünki xəstələnsələr, bu xəstəliyin sonu müalicə deyil, ölümdür».
O, bütün dərman problemlərinin sanksiyalarla əlaqələndirilməsini rədd edib və dərman və xammal təminatının «müharibə ilə heç bir əlaqəsi olmadığını» deyib. Onun iddiasına görə, düzgün qərarlar qəbul etməklə və korrupsiya ilə mübarizə aparmaqla böhranın mühüm bir hissəsini həll etmək olar. İshaqi həmçinin sual edib ki, dərman çatışmazlığı sanksiyalarla izah edildiyi halda necə olur ki, lüks mallar, iPhone və bahalı avtomobillər hələ də ölkəyə gətirilir.
Deputat həmçinin sığorta şirkətlərinin gizli müflisləşməsindən xəbər verib. O iddia edib ki, məhkəmə hakimiyyətinin əlində geri qaytarılmamış onlarla milyard dollar vəsaitə dair sənədlər var, buna baxmayaraq, bu pulların geri qaytarılması üçün təsirli addım atılmayıb.
İshaqinin açıqlamaları İranın səhiyyə sistemindəki böhranın nadir rast gəlinən mənzərəsini ortaya qoyur. Bu dəfə həmin böhranla bağlı tənqid İslam Respublikasının müxalifləri tərəfindən deyil, hakimiyyətin rəsmi strukturunun daxilindən səslənir.