Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanovun Tehranda "Tavanir" şirkətinin baş direktoru Məhəmməd Allahdad ilə görüşündə qarşıdakı qış mövsümündə Azərbaycandan İrana elektrik enerjisi ixracının artırılması məsələsi nəzərdən keçirilib. Azərbaycan tərəfi soyuq aylarda İranda yaranan elektrik enerjisi çatışmazlığını qarşılamağa hazır olduğunu bildirib.
Enerji mübadiləsi, birbaşa elektrik enerjisi idxalının artırılması, həmçinin qaz və elektrik enerjisi svopu imkanları görüşün əsas mövzuları olub. İrəli sürülən variantlardan biri İranın elektrik enerjisi alması müqabilində qaz təhvil verməsidir. Əməkdaşlığın həcminin və formasının müəyyənləşdirilməsi üçün iki ölkənin mütəxəssislərinin şəbəkələrin birləşdirilməsi imkanlarını, eləcə də texniki və icra şərtlərini araşdırması barədə razılıq əldə olunub.
Tərəflər həmçinin Xudafərin və Ordubad su elektrik stansiyalarının tikintisi və başa çatdırılması prosesini müzakirə ediblər. Azərbaycanın energetika nazirinin müavininin sözlərinə görə, bu layihələrin tamamlanması istehsal olunan elektrik enerjisinin bir hissəsinin İrana ötürülməsinə imkan yarada bilər. Görüşdə iranlı investorların Azərbaycanın günəş elektrik stansiyası layihələrində, xüsusilə Naxçıvanda iştirakı məsələsi də nəzərdən keçirilib.