ArazNews
Ana Səhifə / Dünya / Əhməd əş-Şəra Dəməşqdə Hakan Fidanla görüşüb
Dünya

Əhməd əş-Şəra Dəməşqdə Hakan Fidanla görüşüb

Əhməd əş-Şəra Dəməşqdə Hakan Fidanla görüşüb

Suriya prezidenti Əhməd əş-Şəra bazar günü, 13 sentyabr axşamı Dəməşqdə Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Türkiyənin Xarici İşlər Nazirliyinə və Suriyanın rəsmi "SANA" xəbər agentliyinə istinadən bildirilir ki, görüşdə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şeybani də iştirak edib. Suriya prezidentliyi açıqlayıb ki, tərəflər Türkiyə-Suriya əlaqələrinin gücləndirilməsi yolları və regiondakı son hadisələr barədə fikir mübadiləsi aparıblar, Ankara ilə Dəməşq arasında əlaqələndirmə və məsləhətləşmələrin ortaq maraqların təmin edilməsi, regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi məqsədilə davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Fidan əş-Şəra ilə görüşdən əvvəl əş-Şeybani ilə də danışıqlar aparıb və birgə mətbuat konfransında iştirak edib. O, bu görüşdə iki ölkə arasındakı əlaqələrin sürətli inkişafından danışıb və bildirib ki, Rəcəb Tayyib Ərdoğan da Suriyaya səfər planlaşdırır. Fidan həmçinin bütün silahlı qrupların Suriyanın mərkəzi dövlət strukturuna inteqrasiyasını ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunması üçün zəruri sayıb.