ArazNews
Ana Səhifə / Xəbər / Bir onilliklik arxeoloji qazıntıdan sonra: Arxeoloqlar itmiş Beytsayda şəhərini tapdıqlarını bildirir
Xəbər

Bir onilliklik arxeoloji qazıntıdan sonra: Arxeoloqlar itmiş Beytsayda şəhərini tapdıqlarını bildirir

Bir onilliklik arxeoloji qazıntıdan sonra: Arxeoloqlar itmiş Beytsayda şəhərini tapdıqlarını bildirir

İşğal olunmuş Fələstin ərazisində Taberiyyə gölü sahilində on il davam edən qazıntı işlərindən sonra arxeoloqlar itmiş Beytsayda şəhərini tapdıqlarına «yüz faiz» əmin olduqlarını bildiriblər. İncil rəvayətinə görə, İsa Məsih məhz bu şəhərdə bir korun gözlərini açmış və beş çörəklə iki balıqla minlərlə insanı doyurmuşdu.

«Tel əl-Ərac» adlanan ərazidə aparılan qazıntıların onuncu mövsümündə arxeologiya komandası bu il qədim Roma dövrünə aid yağ çıraqları, sikkələr, bəzək alətləri və divarlar aşkar edib. Elə bu qatların altında isə daha da qədim məskunlaşmaya aid izlər müşahidə olunur. Maraqlıdır ki, Osmanlı dövrünə aid bir kəndli öz tövləsini birbaşa Roma divarlarının üzərində, heç bir fundament qoymadan tikmişdi, lakin həmin divarlar bu günə qədər çat verməyib.

Hadisənin əsas sübutu isə yalnız Yerusəlimdə və eramızın 70-ci ilinə qədər hazırlanan növdən olan bir neçə salamat yağ çırağıdır. Bu da göstərir ki, yəhudi əhalisi elə eramızın birinci əsrində, yəni bu şəhər Beytsayda adlandığı dövrdə orada yaşayıb.

Bu tapıntılar Qalileyanın savadsız kəndlilərlə dolu yoxsul bölgə kimi qəbul edilən adi təsvirini də şübhə altına qoyur. Görünür ki, İsa Roma hakimiyyəti altında olsa belə, həqiqətən inkişaf etmiş şəhərlərdə vəz edirdi.

Qazıntının elmi rəhbəri İsanın xeyli vaxtını məhz bu şəhərdə keçirmiş ola biləcəyini istisna etmədiyini bildirir və onu «İncilin son itmiş şəhəri» adlandırır. Deyilənlərə görə, İsanın həvarilərindən Peter, Andrey və Filip də məhz bu Beytsaydadan olub.