ArazNews
Ana Səhifə / İran / İran Mərkəzi Bankı: İranda nöqtədən-nöqtəyə inflyasiya 84,4 faizə çatıb
İran

İran Mərkəzi Bankı: İranda nöqtədən-nöqtəyə inflyasiya 84,4 faizə çatıb

İran Mərkəzi Bankı: İranda nöqtədən-nöqtəyə inflyasiya 84,4 faizə çatıb

İran şəhərlərində nöqtədən-nöqtəyə inflyasiya on səkkizinci ay ardıcıl olaraq artaraq bu ilin mordad ayında (avqustun sonu-sentyabrın əvvəli) 84,4 faizə çatıb; yəni vətəndaşlar oxşar mal və xidmətləri əldə etmək üçün ötən ilin mordad ayı ilə müqayisədə bu qədər çox xərcləyiblər. Qiymətlər mordad ayında tir ayı (iyun-iyul) ilə müqayisədə 3,7 faiz yüksəlib.

Aylıq qiymət artımında ən yüksək tullanışı 8,7 faizlə tərəvəz və dənli-paxlalılar, 7,8 faizlə süd məhsulları və yumurta, 6 faizlə isə mənzil icarəsi qeydə alıb. İllik (12 aylıq) inflyasiya səviyyəsi də tir ayı ilə müqayisədə 3,7 faiz artaraq 65,1 faizə çatıb.

1397-ci (şəmsi) ildən (2018-2019) inflyasiya səviyyəsinin rəsmi mənbəyi olan İran Statistika Mərkəzi bildirir ki, keçən ilin yayından bəri kənd bölgələrində inflyasiya şəhərlərdən yüksək olub və məhz bu amil həmin qurumun elan etdiyi rəqəmi Mərkəzi Bankın rəqəmindən yüksək edib.