Almaniya hökuməti xarici aktorlarla əlaqələndirilən kibertəhdidlərin, casusluğun və sabotajın artmasına cavab olaraq ölkənin kəşfiyyat xidmətlərinin səlahiyyətlərinin əhəmiyyətli dərəcədə genişləndirilməsinə dair layihəni təsdiqləyib.
Associated Press-ə istinadən, Almaniya kabineti xarici kəşfiyyat xidməti «BND»-yə və Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəyə («BfV») müəyyən hallarda sadəcə məlumat toplamaqdan kənara çıxaraq, kibertaarruzları və sabotaj əməliyyatlarını pozmaq üçün fəal müdaxilə etməsinə imkan verən islahat layihəsinin ilkin variantını təsdiqləyib.
Almaniya kanslerinin dəftərxanasının rəhbəri Nina Varken bildirib ki, ölkə davamlı olaraq xarici dövlətlərin hibrid təhdidləri ilə üzləşir və Berlinin müttəfiqlərin kəşfiyyat məlumatlarından həddindən artıq asılılığı azaldılmalıdır. Layihənin qüvvəyə minməsi üçün Almaniya parlamentinin təsdiqi hələ də tələb olunur.