ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun İran rejimi ilə bağlı davranış tərzinə dair üç strateji seçimi var və onlardan biri "çox sərt" hərbi zərbənin endirilməsidir.
Tramp 20 mordad (11 avqust) çərşənbə günü ABŞ mediasına müsahibəsində İslam Respublikasının məmurlarını "fırıldaqçı və yalançı" adlandıraraq deyib: "Onlar danışıqlar masasında bir məsələ ilə bağlı razılığa gəlirlər, amma sonra bayıra çıxıb medialara bunu etmədiklərini deyirlər".
Trampın sözlərinə görə, ABŞ-ın birinci seçimi hazırkı vəziyyətin davam etməsi və "rejimin çökməsini seyr etmək"dir. O, ikinci seçim kimi "çox-çox sərt" hərbi zərbənin həyata keçirilməsini, üçüncü seçim kimi isə Tehrana qarşı iqtisadi təzyiqlərin və sanksiyaların davam etdirilməsini qeyd edib.
ABŞ prezidenti həmçinin iddia edib ki, İranda inflyasiya 300 faizə çatıb, milli valyutanın dəyəri kəskin şəkildə düşüb və hökumət hətta hərbi qüvvələrin maaşlarının ödənilməsində belə çətinliklə üzləşir. Bununla belə, Rudaw İranın rəsmi statistikasına istinadən yazıb ki, Statistika Mərkəzinin elan etdiyi inflyasiya səviyyəsi 66 faizdir.
Bu açıqlamalar elə bir vaxtda səslənir ki, ABŞ-ın BMT-dəki nümayəndəsi Mayk Uolts da bildirib ki, Tehranı danışıqlar masasına gətirməkdə iqtisadi təzyiq hərbi təhdiddən daha mühüm rol oynayıb. O, İranın iqtisadiyyatına ağır təzyiqin yaranmasının səbəbi kimi ABŞ Xəzinədarlıq naziri Skott Bessentin siyasətlərini göstərib.