ArazNews
Ana Səhifə / Məqalə / Azadlıq, ədalət, milli hökumətə doğru yürüş
Məqalə

Azadlıq, ədalət, milli hökumətə doğru yürüş

Azadlıq, ədalət, milli hökumətə doğru yürüş

Dr. Lətif Həsənli

Yüz ildir bir müstəmləkə olaraq hər şeydən yubanmışıq. Xalqımızın çoxluğu güzəran dalınca kimliyini itirmək bahasına vətənindən didərgin olub; yurdumuzun ən böyük gölü qurudulub, yeraltı, yerüstü sərvətlərimiz qarət edilib. Xalqımıza qarşı işlədilən assimilyasiya siyasəti ölkə hakimiyyətlərinin və mərkəzyönlü müxalifətlərin ideologiyalarından, istər sülh, istərsə də müharibə şəraitindən asılı olmayaraq hələ də davam etdirilməkdədir.

Bu gün ölkə daxilində və bölgədə, üç barışmaz düşmən arasında uzun müddətli münaqişədən ara-sıra doğan müharibənin gedişatının necə, nə zaman bitəcəyi bizim iradəmizdən asılı olmayaraq adi bir xalq kimi yaşamaqdan geri qalmağımız bir tərəfdə qalsın, bu müharibədən xalqımızın necə can qurtara biləcəyi belə bəlli deyil. Güney Azərbaycan və digər ölkə xalqları bir tərəfdən, hakimiyyətdə qalmaq üçün heç bir cinayətdən çəkinməyən bir rejim, digər tərəfdən isə ata-babası kimi xarici qüvvələrin vasitəsilə hakimiyyətə gətirilmək üçün zavallı bir dilənçi kimi hər cür rəzalətə boyun əyən dildə müxalifət adlanan faşist Pəhləvilərin təbliğat mediasının cənginindədir. Həm mövcud rejim, həm də bu günlər müxalifət rolunda oynayan səltənət tələblər, hakimiyyətləri dövründə ölkə xalqlarını vətəndaş hüquqlarına malik, tələbkar kimi yox, itaətkar qul kimi yetişdirməyi bir məqsəd olaraq qarşılarına qoydular. Çünki qulu bir yerdə əylənmə hiyləsi ilə, elə bir sandıvic ilə aldadıb qondarma seçkilərə çəkmək olar. Qul yalnız ağasından söz eşidər, o kütləvi medianın təbliğatlarına uyub ağasını dəyişər, ancaq qulluqdan əl çəkməz.

Bununla da, hər iki rejim dövründə siyasi azadlıqlar qadağan edilib, siyasi partiyaların yaranması qadağan, siyasi fəalların fəaliyyəti isə zindan və edamla nəticələnib. Halbuki siyasi azadlıqlar olsaydı bizdə də hakimiyyət dəyişikliyi qanlı inqilablar yolu ilə yox, dünyanın inkişaf etmiş ölkələri kimi seçkilər yolu ilə həyata keçirilərdi.

Bünövrəsi universitetlərdə qoyulan Azərbaycan milli hərəkatı ağır sınaqlardan keçmiş vətənimizdə baş verən uğursuz inqilabları geridə qoyaraq, bu gün bütün maddi imkanlarının çatışmazlığına baxmayaraq köhnəlmiş ideologiyalara uymadan, demokratik dəyərlər əsasında öz müstəqilliyini qoruyaraq bütün sınaqlardan üzüağ çıxıb.

Azərbaycan milli hərəkatı digər mərkəzyönlü cərəyanlar kimi, hakimiyyətə gəlmək üçün totalitar rejimin qurbanına çevrilən kütlənin çiyninə dırmaşmır, o, bu xalqı bu vəziyyətə salan totalitar mövqe və müxalifət adlanan Pəhləvi faşistləri ilə də mübarizə aparıb, xalqımızın əlindən tutub ona millət statusu qazandırsın deyə milli səadətə doğru aparır. Burada xalqımızdan xərc çəkmir, özü xərc çəkir. Bu gün həbsxanalarda olan milli fəallarımız – yürüşbəy də daxil olmaqla – buna sübutdur.

Universitet illərində «Qopuz» tələbə ədəbi dərgisi fəaliyyətindən başlayaraq, QAMOH-dan yeni QAMOH-a və bu gün demokrat ittihamı ilə günahlandırılan yürüşbəy dəfələrlə tutuqlanıb, uzun müddətli həbslərlə müxtəlif işgəncələrə məruz qalıb, ancaq apardığı mübarizədə bir an belə sarsılmadan yolunu davam etdirir. O, bu gün demokrat adı ilə on üç ildən artıq həbs cəzasına məhkum olsa da, gerçəkdən bir demokratdır. Nə yazıq ki, Pəhləvilər dövründə olduğu kimi bu gün də demokrat olmaq ağır bir günahdır. Hakim rejim və çürümüş, dünən qapıdan qovulub bu gün isə pəncərədən soxulmaq istəyən Pəhləvi faşistləri bilməlidirlər ki, dünən məğlubiyyətini iddia etdikləri Azərbaycan Demokrat Firqəsi məğlub olmayıb; o demokratlar bu gün daha güclü, daha təsirli dönüblər. Azərbaycan Demokrat Firqəsinin tarixi, başlanğıcı və sonu olan xətti bir tarix deyil. Bu tarix dairəvi mahiyyət daşıyır. Bu gün isə zindanlara salınan milli fəallarımızın simalarında təkrarlanır.

Yürüşbəyin necə mübarizə aparması onun mübarizəsi qədər əhəmiyyətlidir.

O apardığı mübarizədə inhisarçılığa qarşı olaraq fərdi yox, kollektiv fəaliyyətlərə önəm verib. Kollektiv fəaliyyətlərində isə siyasi fəaliyyətləri üstün tutub. QAMOH, yeni QAMOH və bu gün demokrat adı ilə günahlandırılan ittihamlar buna sübutdur. Çünki millət, mədəni fəalları siyasi alternativ kimi görmür.

Millət, ana dilində təhsil almaq, ətraf mühitin qorunması kimi tələblərin həyata keçməsini tanınmış siyasi simaların hakimiyyətə gəlməsində görür. Azərbaycan milli hərəkatının yalnız siyasi partiyalarda bir alternativ kimi görünmək imkanı var. Yürüşbəy bir neçə il əvvəl bu alternativ məsələsinə toxunub. O əvvəlcədən bilirdi ki, milli hərəkat bir siyasi alternativ olaraq meydana gəlməsə, canı boğazına yığılmış etirazlara qatılan xalqımızın etirazları mərkəzyönlü totalitar qruplar tərəfindən müsadirə olunacaq.

Buna nümunə olaraq, keçən ilin dey ayında baş vermiş qanlı hadisələri və ölkə üzrə şəhid olan türklərin əhəmiyyətli sayını göstərmək olar. Məhz buna görə də yürüşbəy siyasi partiyanı bu rejimə qəbul etdirmək əzmindədir, edəcək də.

Siyasi partiyaların özəlliklərindən biri millətin tarixi yaddaşını diri saxlamaq, onları bir diktatorun tələsindən qurtarıb başqa bir diktatorun tələsinə düşməsinin qarşısını almaqdır. Vaxtında partiyalarımızın olmadığı ucbatından 1325-ci ilin Azər ayında Pəhləvi rejiminin törətdiyi soyqırım bu gün xalqımızın yaddaşından silinməkdədir.

Siyasi təşkilatlarda mübarizəmizin çatışmayan yönləri ortaya çıxır və doldurulur. O cümlədən millətimizi milli hökumətə doğru yönləndirən milli məfkurəmizi özündə daşıyan bayraq məsələsi.

Bayraq məsələsinə gəldikdə vurğulamalıyam ki, bu bayraq bir neçə nəfərin masa üzərində rəsmi deyil, Azərbaycan milli hərəkatının siyasi mərhələyə doğru təkamülü prosesində gerçəkləşib, 1382-ci il Babək qalası qurultayında təsdiqlənib.

Siyasi təşkilatlarda, milli mübarizəmizi ölkənin digər mübarizələrindən fərqləndirən və mübarizəmizin başqa siyasi qüvvələr tərəfindən müsadirə olunmasının qarşısını almaq üçün, bayraqla yanaşı şüarlar ortaya qoyulur: Azadlıq, ədalət, milli hökumət.

Bu, sadəcə tarixi əhəmiyyəti olan keçici bir şüar deyil; o, bayraqla yanaşı bir əsrdən artıq mübarizəmizin itirilmiş açarıdır.

Bir əsrdən artıq azadlıq uğrunda mübarizə aparan və bu gün hələ də əsarətdə inildəyən Azərbaycan xalqının mübarizəsinin itirilmiş açarı milli hökumət ideyasıdır; bu ideyanın yoxluğu mübarizələrimizin bütün mərhələlərində özünü göstərən əsas boşluq olmuşdur.

Sən azadlıq uğrunda mübarizə aparıb, xərclər ödəyib, xalqının taleyini özgə əllərə tapşıracaqsansa, indidən böyük-kiçikliyindən asılı olmayaraq təşkilatlanmış partiyalar qarşısında məğlubsan; qırx milyondan artıq xalqa və yüz ildən artıq mübarizə keçmişinə malik olsan belə.

Deməli, İslam Respublikası və Pəhləvi kimi totalitar rejimlərin yeganə qorxduqları və onların axilles dabanı, bu günə qədər qadağan etdikləri, ölkə xalqlarının milli iradəsindən irəli gələn, siyasi təşkilatların yaranıb meydana gəlməsi ilə öz xalqlarının müqəddəratını ortaya qoymasıdır.

Bunu yürüşbəy başa düşərək, mübarizəsini də elə bu istiqamətdə yönləndirib. Dayaq nöqtəsi daxildə olan təşkilat. Elə bir təşkilat ki, orada demokratik dəyərlər əsasında heç bir inhisarçılığa yol verilməsin.

Yürüşbəy demokratiyanı özünün bir yaşayış tərzinə çevirib, təmiz, sağlam millətçi bir ailə formalaşdırıb.

O, demokratiyanın özüdür.