Qətər Xarici İşlər Nazirliyi bəzi İsrail mediasında yayılan, ölkənin İslam Respublikası İrana qarşı hərbi əməliyyata iştirak etməyə razılıq verdiyi ilə bağlı xəbərləri qəti şəkildə rədd edərək həmin iddiaları əsassız adlandırıb.
Qətər rəsmiləri tərəfindən yayılan bəyanatda bildirilir ki, bu cür iddialar regionu gərginliyə və münaqişəyə sürükləməyə çalışan şəxslər tərəfindən irəli sürülür. Doha vurğulayıb ki, belə xəbərlər gerçəkliyə uyğun deyil və müəyyən siyasi məqsədlərə xidmət edir.
Qətər Xarici İşlər Nazirliyi həmçinin açıqlayıb ki, ölkə nə keçmişdə, nə də gələcəkdə qonşu ölkələrdən hər hansı birinə qarşı hərbi əməliyyata iştirak etməyəcək və öz siyasətini regionda sabitliyin qorunması, dialoq və diplomatik həll yolları əsasında həyata keçirəcək.
Qətər bundan əlavə, gərginliklərin azaldılması və davamlı həll yollarına nail olunması üçün regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində diplomatik səylərini davam etdirəcəyini vurğulayıb.