Araz News: Yaponiya neft emalı zavodları Hörmüz boğazı böhranı fonunda neft idxalı mənbələrini şaxələndirməyi və bu strateji su yolundan keçmədən Yaxın Şərq neftinin ötürülməsinə imkan verəcək boru kəməri layihələrinin inkişafında iştirak etməyi araşdırır.
Yaponiya Neft Assosiasiyasının sədri Şounişi Kito bildirib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Tokio hökumətindən alternativ boru kəməri genişləndirilməsi layihələrində iştirak etməsini və ya onlara maliyyə dəstəyi verməsini xahiş edib. O qeyd edib ki, Yaponiyanın məqsədi yalnız Yaxın Şərq neftini əvəz etmək deyil, eyni neftin Hörmüz boğazından asılılıq olmadan daşınması üçün davamlı marşrutlar yaratmaqdır.
BƏƏ, Füceyra limanına aparacaq yeni boru kəmərinin inşasını sürətləndirib; həmin kəmərin 2027-ci ilə qədər Hörmüz boğazı xaricindən neft ixracı gücünü iki dəfə artırması nəzərdə tutulur. Səudiyyə Ərəbistanı isə Qırmızı dəniz sahilinə gedən şərqdən-qərbə boru kəmərinin gücünü gündəlik iki milyon barelə qədər artırmağı araşdırır.
Eyni zamanda İraq, Kərkük–Ceyhan boru kəməri vasitəsilə Türkiyəyə ixracı davam etdirməklə yanaşı, ABŞ-ın dəstəyi ilə Suriyada Kərkük–Banyas boru kəmərinin bərpasını da araşdırır; bu marşrut İraq neftini birbaşa Aralıq dənizinə çatdıracaq.
Bu ölkələr neftlərini boru kəməri vasitəsilə körfəzin içindən Hörmüz boğazının kənarındakı limanlara ötürmək, oradan isə tankerlərlə dünya bazarlarına göndərmək istəyir. Həmin layihələr tamamlandığı təqdirdə Səudiyyə Ərəbistanı və BƏƏ Hörmüz boğazından çox daha az asılı olacaq, hətta ixracatlarının böyük hissəsini alternativ marşrutlarla həyata keçirə biləcək; lakin İraq hələ uzun müddət Hörmüzə əhəmiyyətli dərəcədə bağlı qalmaqda davam edəcək.