Washington Post qəzeti öz materialında yazıb ki, Türkiyənin Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) daxilindəki mövqeyi ittifaqın Ankarada keçiriləcək sammitinin astanasında güclənib. Müşahirlər bunu Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasındakı yaxın münasibətlərin və Türkiyə müdafiə sənayesinin Avropa üçün silah təminatındakı artan rolunun nəticəsi kimi dəyərləndirir.
ABŞ prezidenti Donald Tramp son günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi münasibətlərinə işarə edərək bildirib ki, NATO sammitinə gəlməsinin əsas səbəblərindən biri bu tədbirə Türkiyənin və Ərdoğanın ev sahibliyi etməsidir.
NATO sammiti çərşənbə axşamı və çərşənbə günü 32 üzv ölkənin liderlərinin iştirakı ilə Ankarada keçiriləcək. Gözlənilir ki, üzv ölkələrin müdafiə potensialının artırılması, hərbi əməkdaşlıq və Amerikanın Avropadakı rolunun gələcəyi sammitinin ən mühüm məsələləri sırasında yer alsın.
NATO-nun ikinci böyük ordusuna sahib olan və Bosfor boğazında strateji mövqe tutan Türkiyə son illərdə müdafiə sənayesinə böyük həcmdə investisiya yatırıb və regionun mühüm hərbi texnika və pilotsuz uçuş aparatı istehsalçılarından birinə çevrilib.
Bununla belə, Ankaranın bəzi Qərb müttəfiqləri ilə münasibətləri keçmiş illərdə Rusiyadan S-400 hava müdafiə sisteminin alınması, Suriyada kürd qüvvələrinə qarşı həyata keçirilən hərbi əməliyyatlar və İsveçin NATO üzvlüyü ətrafındakı mübahisələr səbəbindən gərginliklə müşayiət olunub.
Bu ixtilaflardan asılı olmayaraq, Avropa rəsmiləri son aylarda Türkiyə ilə təhlükəsizlik və müdafiə sahəsindəki əməkdaşlığa əvvəlkindən daha çox vurğu ediblər. Avropa ölkələri öz hərbi potensialını gücləndirməyə və Amerikaya asılılığı azaltmağa çalışdıqca Türkiyə müdafiə sənayesi Avropada diqqət çəkən imkanlardan birinə çevrilib.
Tramp həmçinin F-35 qırıcıları ilə bağlı danışıqlarda irəliləyiş əldə edilməsinin mümkünlüyünü və Türkiyəyə müəyyən hərbi texnika və texnologiyaların satışını gündəmə gətirib. ABŞ Ankara tərəfindən S-400 sisteminin alınmasından sonra Türkiyənin F-35 proqramındakı iştirakını dayandırmışdı.
Türkiyə ilə Avropa İttifaqı arasında bu ittifaqa üzvlük və Yunanıstanla dəniz mübahisələri kimi məsələlər üzrə ixtilafların davam etməsinə baxmayaraq, mövcud şəraitdə təhlükəsizlik və müdafiə əməkdaşlığının Ankara ilə Qərb ölkələri arasındakı münasibətlərin ən mühüm oxuna çevrildiyi görünür.