Müsahibənin təfərrüatları
O, "öz müqəddəratını təyin etmək hüququnun" Baluc milləti üçün təbii bir hüquq olduğunu vurğulayaraq bildirib ki, bu hüquq hökumətlərin dəyişməsindən asılı deyil və bütün millətlər bərabər hüquqlardan yararlanmalıdır. Onun sözlərinə görə, regionun mövcud sərhədləri millətlərin iradəsinin deyil, müstəmləkəçi güclərinin siyasətinin və Soyuq Müharibə dövründəki dəyişikliklərin məhsuludur.
Bəlidəi İrandakı "bir millət, bir dil, bir mədəniyyət" modelini tənqid edərək deyib ki, son bir əsr ərzində mərkəzi hökumətlərin siyasəti qeyri-fars millətlərinin kimliyinin inkar edilməsinə gətirib çıxarıb. O vurğulayıb ki, əgər farslar "millət" sayılırsa, baluclar, türklər, kürdlər, ərəblər, türkmənlər və digər millətlər də eyni statusa və hüquqlara sahib olmalıdır.
Balucistan Xalq Partiyasının baş katibi federal sistemi İranın gələcəyi üçün uyğun bir həll yolu hesab edib və bildirib ki, bütün millətlər mərkəzi idarəetmədə iştirak etməli, eyni zamanda öz tarixi torpaqlarında özünüidarə hüququndan yararlanmalıdır. O həmçinin sekulyarizmi, dinin dövlətdən ayrılmasını və dövlətin dil, din və mədəniyyət məsələlərində bitərəfliyini dəstəklədiyini qeyd edib.
Bəlidəi müxtəlif siyasi axınların əməkdaşlığına toxunaraq "İran Federal Millətlər Konqresi" və "İranda Azadlıq və Bərabərlik uğrunda Həmrəylik" kimi koalisiyaları nümunə gətirib və bu əməkdaşlıqları müsbət addım kimi dəyərləndirilib.
O həmçinin 1979-cu il inqilabı təcrübəsinə istinad edərək xəbərdarlıq edib ki, müxalifət yalnız hakimiyyətin devrilməsi üzərində razılığa gəlməklə kifayətlənməməli, hər hansı siyasi dəyişiklikdən əvvəl millətlərin hüquqları, qadın hüquqları, mülki azadlıqlar, siyasi quruluş və güc bölgüsü məsələlərində də ortaq mövqeyə gəlməlidir.
Onun sözlərinə görə, gələcəyin prinsipləri üzərində razılıq olmadan "bir lider, bir bayraq, bir millət" kimi şüarların təkrarlanması İranda yeni bir istibdadın yenidən meydana gəlməsinə zəmin yarada bilər.
Bu söhbətin tam versiyasını ArazNews radiosunun "Panorama" proqramında izləyə bilərsiniz.