ABŞ vitse-prezidenti Cey-Di Vens bildirib ki, Vaşinqton və Tehran ABŞ Mərkəzi Hərbi Komandanlığı (Sentkom) ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu (Səpah) arasında birbaşa təhlükəsizlik üzrə əlaqə kanalının yaradılması barədə razılığa gəliblər. Bu addımın məqsədi gərginliyin artmasının və yeni münaqişələrin qarşısının alınmasıdır.
Vens qeyd edib ki, ABŞ-ın əsas məqsədlərindən biri sürtüşmənin azaldılması və fikir ayrılıqlarının hərbi münaqişəyə çevrilməzdən əvvəl həll edilməsi mexanizminin yaradılması olub.
O deyib: «İranlılar razılaşdı ki, Səpahdan bir nümayəndə Dohada yerləşdirilsin, Sentkomdan da nümayəndə orada olsun ki, bir çox fikir ayrılıqları bu kanal vasitəsilə həll edilsin.»
Məlumata görə, həmin mexanizm Qətərin paytaxtı Dohada qurulacaq və İran ilə ABŞ-ın hərbi rəsmiləri ilk dəfə olaraq birbaşa əlaqə kanalı çərçivəsində təhlükəsizlik məsələləri və mümkün gərginliklərin qarşısının alınması barədə danışıqlar aparacaq.