Tehranın İnqilab Məhkəməsi tərəfindən 20 yaşlı əkiz qardaşlar Həsən və Hüseyn Əmiri barəsində edam hökmü çıxarılıb.
ArazNews-un HERANA-ya istinadən verdiyi məlumata görə, Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi, hakim İman Əfşarinin sədrliyi ilə keçirilən məhkəmədə qardaşları “İsrail üçün casusluq” ittihamı ilə ölüm cəzasına məhkum edib.
İttiham aktında zərər görmüş binaların görüntülərinə baxılması “İsrailin xeyrinə casusluq” ittihamının əsas sübutlarından biri kimi göstərilib.
Məlumata görə, Həsən və Hüseyn Əmiri əvvəlcə nəzarət-buraxılış məntəqəsində mobil telefonlarının yoxlanılmasından sonra saxlanılıb və iki ay müddətində qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılıblar. Hazırda onlar Qızılhisar həbsxanasında ayrı-ayrı bölmələrdə saxlanılır və bir-biri ilə görüşmələrinə icazə verilmir.
HERANA-ya danışan məlumatlı mənbə bildirib ki, hər iki qardaş uşaqlıqdan sosial müdafiə müəssisələrində böyüyüb və onların işlərini izləyəcək ailələri yoxdur. Bu vəziyyət isə məhkəmə prosesinin ədalətliliyi ilə bağlı narahatlıqları artırıb.