Müctəba Xamenei Həcc mərasimi münasibətilə yaydığı yazılı mesajda ABŞ və İsrailə qarşı sərt ittihamlar səsləndirərək iddia edib ki, bölgədəki siyasi tarazlıq Vaşinqtonun ziyanına dəyişib və region ölkələri artıq Amerika bazaları üçün müdafiə qalxanı rolunu oynamaq istəməyəcək.
O, ABŞ-ın Yaxın Şərqdəki hərbi varlığına toxunaraq iddia edib ki, Vaşinqtonun bölgədə öz bazalarını yerləşdirmək üçün artıq təhlükəsiz məkanı qalmayacaq və hər gün əvvəlki mövqeyindən daha da uzaqlaşır. Müctəba Xamenei həmçinin İsraili “sarsılmış rejim” adlandırıb və bu ölkənin ömrünün son mərhələsinə yaxınlaşdığını iddia edib.
Mesajın digər hissəsində o, “kafirlərdən bəraət” mövzusunun daha da əhəmiyyət qazandığını bildirib və deyib ki, Həcc mərasimindən sonra “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları İslam ümməti və dünya gəncləri arasında daha geniş yayılacaq.
O, həmçinin İran silahlı qüvvələrini və “müqavimət oxu” adlandırılan qrupları tərifləyərək iddia edib ki, bu qüvvələr son qarşıdurmalarda ABŞ və İsrailə qarşı mühüm nəticələr əldə ediblər.