İsrail Hayom qəzeti bölgədən və ABŞ-dan üç diplomatik mənbəyə istinadən yazıb ki, İran rejiminin nüvə dosyesində “zahiri elastiklik” göstərən yeni təklifi, həmçinin Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İsrailin vasitəçilik təzyiqləri Trampı Tehrana planlaşdırılan hücumu dayandırmağa vadar edib.
ArazNews-un İsrail Hayom-a istinadən verdiyi məlumata görə, bu təklif Pakistan vasitəsilə Vaşinqtona çatdırılıb və hətta SEPAH komandirləri arasında da nüvə məsələsində ilkin elastiklik işarələri olduğu bildirilib.
Qəzet yazır ki, Tramp İran rejiminin sanksiyaların sürətlə ləğvi ilə bağlı tələblərini “təkəbbürlü” adlandırıb və Tehrana Vaşinqtonun verməyə hazır olduğu güzəştlərlə bu tələblərin uzlaşmadığı mesajı çatdırılıb.
Məlumata görə, ABŞ, İsrail və BƏƏ çətin dilemma ilə üzləşib. İranın hücumlarına cavab olaraq enerji infrastrukturunun hədəfə alınması, Tehranı Körfəz ölkələrinin su və enerji obyektlərinə daha ağır zərbələr endirməyə sövq edə bilər.
İsrailin təhlükəsizlik dairələri isə mövcud İran rejimini ayaqda saxlayan istənilən razılaşmanın uğursuz olacağını düşünür. Məlumata görə, qərar yenidən müharibəyə qayıdıb-qayıtmamaq məsələsində tamamilə Trampın əlindədir.