ABŞ Kosmik Qüvvələri İranı nəzarətdə saxlayır: İran rejiminin nüvə və raket proqramı kosmosdan izlənir
Amerika mediası xəbər verir ki, ABŞ Kosmik Qüvvələri (US Space Force) İran rejimi ilə informasiya qarşıdurması və hərbi əməliyyatlarda aktiv rol oynayır, İranın nüvə proqramını və hərbi hərəkətlərini davamlı olaraq kosmosdan izləyir.
Araz News-in National Interest-ə istinadən verdiyi məlumata görə, bu qüvvə 2019-cu ildə Donald Trampın ilk prezidentliyi dövründə yaradılıb və hazırda İranla bağlı əməliyyatlarda elektron müharibə, rabitə sistemlərinə müdaxilə, raket buraxılışlarının izlənməsi və İran rejiminin hava hücumundan müdafiə sistemlərini zəiflətmək üçün hədəfləmə məlumatlarının təmin edilməsində iştirak edir.
Donald Tramp son günlər bildirib ki, ABŞ Kosmik Qüvvələri İranın nüvə obyektlərini və zənginləşdirilmiş uran ehtiyatlarını xüsusi nəzarətdə saxlayır. O deyib: “Əgər kimsə bu mərkəzlərə yaxınlaşsa, biz bunu biləcəyik.”
Məlumatlara görə, ABŞ Kosmik Qüvvələrinin missiyası yalnız İranla məhdudlaşmır. Bu qüvvə ABŞ Müdafiə Nazirliyinin hərbi peyklərinə nəzarət edir və quru, dəniz və hava qüvvələri üçün GPS, təhlükəsiz hərbi rabitə və raket xəbərdarlıq sistemləri kimi həyati xidmətlər təqdim edir.
ABŞ Kosmik Qüvvələri eyni zamanda yerüstü radarlar və kosmik sensorlar vasitəsilə peyklər və orbital qalıqlar daxil olmaqla 40 mindən çox kosmik obyekti izləyərək mümkün təhdidlərin və toqquşmaların qarşısını almağa çalışır.
Məlumatlara görə, bu qüvvə sürətlə genişlənir. Hazırda ABŞ Kosmik Qüvvələrinin təxminən 14 min aktiv hərbçisi və 4 min mülki əməkdaşı var, həmçinin “Guardians” adlanan şəxsi heyətin sayının artırılması planlaşdırılır.