Pərdəarxasında Tramp-Şi görüşü: İran, ticarət və gizli rəqabət
ABŞ və Çin liderləri arasında keçirilən görüşün əsas mövzularından biri İran və Hörmüz boğazındakı vəziyyət olub. Donald Tramp Şi Cinpinqlə görüşdən sonra bildirib: “İranın nüvə silahı əldə etməsini istəmirik və boğazların açıq qalmasını istəyirik.” O həmçinin iddia edib ki, Çin lideri Pekinin İrana hərbi avadanlıq verməyəcəyinə söz verib, lakin Çinin İran neftini almaqda maraqlı qaldığını da vurğulayıb.
Bununla yanaşı, görüşlə eyni vaxtda Vaşinqton Çinə təzyiqləri artırıb. ABŞ Maliyyə Nazirliyi İran nefti aldığına görə bir neçə Çin neft emalı müəssisəsini sanksiyaya salıb, Dövlət Departamenti isə bəzi Çin şirkətlərini İrana informasiya dəstəyi verməkdə ittiham edərək hədəfə alıb. Buna cavab olaraq Pekin yerli şirkətlərə ABŞ sanksiyalarına tabe olmamağı tövsiyə edib.
Axios yazır ki, Tramp və Şi açıq şəkildə əməkdaşlıq və sabitlik mesajı versələr də, ABŞ-Çin münasibətlərinin təməlində hələ də geosiyasi rəqabət, Tayvan gərginliyi, qabaqcıl texnologiyalar, təhlükəsizlik və regional nüfuz savaşı dayanır. ABŞ kəşfiyyat hesabatlarından birində də Çinin İran müharibəsindən Vaşinqtona qarşı diplomatik və iqtisadi mövqeyini gücləndirmək üçün istifadə etdiyi iddia olunur.
Digər tərəfdən, Şi Cinpinq görüşün atmosferini dostcasına göstərməyə çalışaraq “Çinin böyük dirçəlişi” şüarının Trampın “Amerikanı yenidən böyük edək” şüarı ilə yanaşı gedə biləcəyini deyib. Ancaq ekspertlər hesab edir ki, hər iki tərəf praktikada iqtisadi və təhlükəsizlik asılılığını azaltmağa çalışır.
Açıqlanan rəqəmlərə görə, Çinin ABŞ-yə yatırımları 2016-cı ildəki təxminən 45 milyard dollardan ötən il 3 milyard dollardan aşağı səviyyəyə enib. Bu da iki güc arasında iqtisadi uzaqlaşmanın dərinləşdiyini göstərir.
Axios-un qiymətləndirməsinə görə, hər nə qədər bu həftə ABŞ və Çin liderləri əməkdaşlıq görüntüsü yaratmağa çalışsalar da, hər iki dövlət dünyanın ən mürəkkəb geosiyasi rəqabətlərindən birini idarə etməyə hazırlaşır.