İran məhkəmə sistemi etirazlarla bağlı dosye üzrə iki nəfərin edam edildiyini açıqlayıb.
ArazNews xəbər verir ki, Mizan agentliyinin məlumatına görə, Məhəmmədəmin Biğləri və Şahin Vahidpərst adlı şəxslər yanvar etirazları ilə əlaqəli iş üzrə ittiham olunaraq edam edilib.
Bildirilir ki, bu şəxslər hərbi mərkəzə daxil olmağa və silahlara çıxış əldə etməyə cəhd etməkdə ittiham olunub və İran Ali Məhkəməsi hökmü təsdiqləyib.
Eyni iş üzrə ötən həftə 18 yaşlı Əmirhüseyn Hatəmi də edam edilmişdi. Bu hökmlər İranda hökumətə qarşı etirazların geniş şəkildə basdırılması fonunda verilib.
Digər tərəfdən, Amnesty International bu edamları tənqid edərək bildirib ki, saxlanılan şəxslər işgəncə və pis rəftara məruz qalıb, məhkəmə prosesi isə ədalətsiz olub və məcburi etiraflara əsaslanıb. Təşkilat daha bir neçə saxlanılan şəxsin də edam riski ilə üzləşdiyini vurğulayıb.