Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, 5 mart günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib.
Məlumata görə, PUA-lardan biri Naxçıvan hava limanının terminal binasına dəyib, digər PUA isə Şükürabad kəndində bir məktəb binasının yaxınlığında yerə düşüb. Hadisə nəticəsində hava limanı binasına ziyan dəyib və iki mülki vətəndaş yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi hücumu kəskin şəkildə pisləyərək bunu beynəlxalq hüququn norma və prinsiplərinin pozulması və regionda gərginliyi artıran addım kimi qiymətləndirib. Bakı İran tərəfindən bu hadisə ilə bağlı qısa müddətdə izahat verilməsini və belə halların təkrarlanmaması üçün təcili tədbirlər görülməsini tələb edib.
Eyni zamanda bildirilib ki, Azərbaycan cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Bundan əlavə, İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz bildiriləcək.