Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin əsas bulud hesablama platforması olan «Cloud One» sisteminə sızıblar. Bu müdaxilə böyük həcmdə həssas əməliyyat məlumatlarını, əməkdaşlar haqqında məlumatları və logistika məlumatlarını təhlükə altına qoya bilər. Üç mənbə noyabrın 27-də, cümə günü bu sızma barədə xəbər verib. Onlardan ikisi bildirib ki, müdaxilə təxminən bir ay əvvəl, sistemin yenilənməsi zamanı aşkarlanıb.
Sızmanın aşkarlanması platformanın müxtəlif hissələrində nasazlıqlara səbəb olub. İki mənbənin sözlərinə görə, «Cloud One» ABŞ ordusunun ən böyük bulud hesablama platformalarından biridir. Hakerlərin kimliyi, müdaxilənin tam miqyası və hər hansı məlumatın oğurlanıb-oğurlanmadığı hələ məlum deyil.
Müstəntiqlər ABŞ Kiberkomandanlığından bu hücumun vurduğu ziyanı qiymətləndirməyi xahiş ediblər. Əvvəllər «Cloud One» üzərində işləyən proqram təminatlarının yenilənməsi bloklanıb, başqa bir mənbə isə bəzi istifadəçilərin inzibati giriş hüquqlarının ləğv edildiyini bildirib.