Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İslam Respublikasının bəyan etdiyi nüvə materiallarının dinc məqsədlərdən yayındırılmadığını təsdiqləyə bilmir. Avropa İttifaqı bu qənaəti Vyanada keçirilən Rəhbərlər Şurasının cari iclasında xüsusi vurğulayıb. Blokun sözlərinə görə, Tehran bəyan etdiyi 22 obyektdən yalnız birində yoxlamaya icazə verib. Buşehr istisna olmaqla, hücumlarda zərər görməmiş obyektlərin heç biri müfəttişlərin üzünə açılmayıb.
İranın 60 faizlik uran ehtiyatı 2025-ci ilin iyununda 440 kiloqrama çatmışdı. O vaxtdan bəri agentlik zənginləşdirmə gücü və nüvə materiallarının ehtiyatı barədə məlumatların fasiləsizliyini itirib.
Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasının altı qətnaməsinin 2025-ci ilin sentyabrında bərpa olunduğunu xatırladaraq, Tehrandan müfəttişlərə tam girişi qəbul etməyi və zənginləşdirməni dayandırmağı istəyib. Brüssel həmçinin BMT-yə üzv bütün ölkələri bu qətnamələrdə nəzərdə tutulan maliyyə və nüvə məhdudiyyətlərini tam icra etməyə çağırıb.