ABŞ-ın «Axios» xəbər portalı bildirib ki, Vaşinqtonun Avropa müttəfiqləri Donald Tramp və Vladimir Putinin Çində keçiriləcək ikitərəfli görüşü ərəfəsində ABŞ prezidentinin ola biləcək mövqe və açıqlamalarından narahatdırlar. Onlar bu mövqe və açıqlamaların Rusiyanın xeyrinə, Ukraynanın və Avropanın təhlükəsizlik maraqlarının isə zərərinə ola biləcəyindən ehtiyat edirlər.
Axios-un məlumatına görə, ABŞ rəsmilərindən biri Trampın noyabrın 19-u, cümə axşamı Şençjen şəhərində ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli sammiti çərçivəsində Putinlə ayrıca görüşəcəyini təsdiqləyib. Bu görüş Vaşinqtonun Ukrayna müharibəsinə son qoymaq məqsədilə razılaşma əldə etmək üçün yeni səylərə başladığı vaxtda keçirilir.
Axios Avropa diplomatlarından birinə istinadən yazıb: «Biz bilirik ki, Tramp hər dəfə Putinlə danışanda və ya onunla görüşəndə bunun nəticəsi Ukrayna və Avropa üçün pis xəbər olur. Özümüzü hər şeyə hazırlayırıq». Nəşrin yazdığına görə, Ukrayna müharibəsi Çindəki üçtərəfli sammitin ilkin gündəliyində olmasa da, ABŞ-ın Avropa müttəfiqləri Trampın danışıqlar zamanı Moskva və Pekinin xeyrinə olan gözlənilməz mövqelər tuta biləcəyindən narahatdırlar.
Tramp və Putinin görüşü ilə eyni vaxtda ABŞ prezidentinin elçiləri Stiv Uitkoff və Cared Kuşner Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüşəcəklər. Bu danışıqlarda Ukraynaya veriləcək təhlükəsizlik təminatları və müharibə başa çatdıqdan sonra Avropa-Rusiya münasibətlərinin təhlükəsizlik çərçivəsi müzakirə olunacaq.
Vaşinqton gələn həftə Əbu-Dabidə keçirilməsi planlaşdırılan Rusiya ilə növbəti danışıqlar raundundan əvvəl öz mövqeyini Kiyev və Avropa müttəfiqləri ilə əlaqələndirmək niyyətindədir. Bununla belə, Avropa ölkələrinin Vaşinqtonun Moskvaya güzəştə getməsi ehtimalına həssas yanaşdığı bir vaxtda Tramp və Putinin Çində birbaşa görüşməsi sülh danışıqlarının gələcəyi və Ukrayna ilə bağlı qərarların qəbulunda Avropanın rolu ilə bağlı yeni narahatlıqlar yaradıb.