bazar ertəsi, 16 noyabr 2026
İran

İqtisadi böhran ailə qurmağa da təsir edib: İranda doğum 42, nikah isə 39 faiz azalıb

İqtisadi böhran ailə qurmağa da təsir edib: İranda doğum 42, nikah isə 39 faiz azalıb

Rəsmi statistikaya görə, İranda nikah və doğum sayı görünməmiş dərəcədə azalıb. İnflyasiyanın artması, mənzil qiymətlərinin bahalaşması və iqtisadi qeyri-sabitliklə eyni vaxta düşən bu tendensiya ölkənin demoqrafik gələcəyi ilə bağlı narahatlığı daha da artırıb.

"Tejarat News" Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı Təşkilatının məlumatlarına əsaslanaraq xəbər verir ki, doğumların sayı 1395-ci ildəki (2016/2017) 1 milyon 528 mindən 1404-cü ildə (2025/2026) təxminən 892 minə düşüb. Bu, 41,6 faiz azalma deməkdir.

Eyni dövrdə qeydə alınan nikahların sayı da 704 mindən təxminən 431 minə enib. Beləliklə, on il ərzində nikahların sayı 39 faizə yaxın azalıb.

1405-ci ilin (2026) ilk altı ayının statistikası da doğumların azalmaqda davam etdiyini göstərir. Bundan başqa, İranda fertillik əmsalı hər qadına 1,34 uşağa düşüb, ölkənin 31 ostanından 29-u isə əhalinin əvəzlənmə səviyyəsindən aşağıdadır.

Ailə iqtisadiyyatı üzrə ekspert Fərşad Əkbəri inflyasiya təzyiqini, mənzil xərclərini və iş təminatının olmamasını qeyd edib. O vurğulayıb ki, ailələrin iqtisadi vəziyyəti yaxşılaşmasa, həvəsləndirici siyasət və kredit ödənişləri nikah və doğum sayının azalmasının qarşısını ala bilməz.

Bu xəbəri paylaşın