İslam Respublikasının İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında daha iki tankerin dəniz minasına toxunaraq partladığını açıqlayıb. Bildirilib ki, bazar və bazar ertəsi günləri baş verən oxşar hadisələrdə yanan tankerlərin sayı 6-ya çatıb.
SEPAH-a yaxın mediaya istinadən, noyabrın 16-da, bazar ertəsi SEPAH-ın Hərbi Dəniz Qüvvələri bu iki tankerin Hörmüz boğazının cənub marşrutundan keçərkən minaya toxunduğunu və partladığını iddia edib.
SEPAH həmçinin son hadisələrdə zədələnən tankerlərdən birinin 2 milyon bareldən çox xam neft daşıdığını və batdığını iddia edib.
Bununla belə, tankerlərin kimliyi və dəymiş zərərin təfərrüatları açıqlanmayıb. SEPAH-ın gəmilərin minaya toxunması və tankerin batması ilə bağlı iddiaları isə müstəqil şəkildə təsdiqlənməyib.