Türkiyənin ASELSAN şirkətinin istehsal etdiyi «EJDERHA» sistemi şirkətin yaradılmasının 51-ci ildönümündə 51 pilotsuz uçuş aparatını (PUA) bir neçə saniyə ərzində sıradan çıxarıb. Bütün PUA-lar eyni vaxtda havaya qaldırılmışdı. EJDERHA yüksək güclü elektromaqnit dalğaları ilə işləyir və sınaq zamanı heç bir raket və ya döyüş sursatı atmayıb. ASELSAN-ın açıqlamasına görə, dünyada ilk dəfədir ki, hansısa sistem bu qədər PUA-nı eyni vaxtda sıradan çıxarır.
Sistem hədəfi radar vasitəsilə aşkarlayır və elektro-optik sistemlə izləyir. Onun dalğaları PUA-nın naviqasiya, rabitə və idarəetmə sistemlərini təhlükəsiz məsafədən sıradan çıxarır. Həmin sınaqda təxminən 1000 metr məsafədə olan iki kabelli PUA da sıradan çıxarılıb. Adi PUA əleyhinə sistemlər bu tip PUA-lara təsir göstərə bilmir.
ASELSAN-ın baş direktoru Ahmet Akyol EJDERHA-nın kütləvi istehsalına başlanıldığını bildirib. Sistem Türkiyənin çoxqatlı «Polad Günbəz» hava hücumundan müdafiə sisteminin tərkib hissəsidir.