Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılmasının son mərhələsinə çox yaxınlaşıb. Bu mərhələ diplomatik münasibətlərin qurulmasını və iki ölkənin ortaq sərhədinin tam açılmasını nəzərdə tutur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 14-də, şənbə günü deyib. O, iki gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü «çox müsbət» adlandırıb.
Paşinyanın sözlərinə görə, tərəflər bu görüşdə normallaşma prosesinin irəlilədiyini vurğulayıblar. Ermənistanın baş naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Dublində keçirdiyi görüşü də müsbət qiymətləndirib.
O əlavə edib ki, hazırda davamlı, uzunmüddətli və etibarlı sülhün bərqərar olunması üçün «çox real və tarixi» fürsət var. Türkiyə ilə Ermənistan arasındakı quru sərhəd 1993-cü ildən, Qarabağ müharibəsi zamanı Ankaranın Bakı ilə həmrəyliyi səbəbindən bağlı qalır.