ABŞ Prezidenti Donald Tramp İslam Respublikası ilə müharibə səbəbindən enerji xərclərinin artması fonunda ölkənin dəniz daşımaları haqqında qanunundan azadolmanın müddətini daha 90 gün uzadıb.
Reuters agentliyinin məlumatına görə, bu qərar xarici gəmilərə icazə almaq şərtilə neft, yanacaq və bəzi digər malları ABŞ limanları arasında daşımağa imkan verir. Bu addım daşıma xərclərini azaltmaq, benzin, dizel yanacağı və kimyəvi gübrələrin qiymətlərini cilovlamaq məqsədilə atılıb.
«Cons Aktı» adlanan qanuna əsasən, ABŞ limanları arasında yük daşımaları prinsipcə bu ölkədə istehsal olunmuş, amerikalılara məxsus olan və onlar tərəfindən idarə edilən gəmilərlə həyata keçirilməlidir.
Ağ Ev bildirib ki, azadolma mart ayında qüvvəyə mindikdən bəri ABŞ limanları arasında təxminən 90 milyon barel əlavə neft məhsulu və xam neft daşınıb.